Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi 5 Dekabr – Beynəlxalq Könüllülər Günü ilə bağlı hazırladığı tədbirlər planına uyğun olaraq könüllü gənclərin şəxsi və intellektual inkişafı, vətənpərvərlik ruhunun gücləndirilməsi, asudə vaxtının səmərəli təşkili, eləcə də fəaliyyətin qiymətləndirilməsi məqsədilə müxtəlif silsilə tədbirlər həyata keçirir.
Dekabrın 4-də Nazirlikdə psixoloq Ayxan Hüseynlinin təqdimatında könüllülər üçün motivasiya və şəxsi inkişaf mövzusunda təlim təşkil olunub. Təlim zamanı gənclərin komanda işində davranışı, stresin idarə edilməsi, məqsədyönlü fəaliyyət, özünüifadə bacarığı və sosial aktivlik kimi mövzular ətrafında praktiki məşğələlər aparılıb. Psixoloq iştirakçıların suallarını cavablandıraraq könüllülük fəaliyyətinin gənclərin xarakter formalaşmasına və liderlik qabiliyyətlərinin inkişafına müsbət təsiri barədə məlumat verib.
Qeyd edək ki, dekabrın 5-də Beynəlxalq Könüllülər Günü münasibətilə mükafatlandırma mərasimi təşkil ediləcək. Həftə ərzində keçirilən yarışmalarda fərqlənən, eləcə də il boyu aktiv könüllülük fəaliyyəti ilə seçilən gənclər tədbirdə mükafatlandırılacaqdır.